Bəzən elə sətirlər oxuyarsan ki, müəllif sanki sənin hələ kimsəyə demədiyin, içində gizlicə böyütdüyün o kimsəsiz duyğuların şəklini çəkər. Rəşid Nəsirzadənin bu kitabı mənə elə gəldi ki, sadəcə vərəqlərdən ibarət deyil; o, hər misrasında bir az daha "biz" olan bir xatirə dəftəridir.
Kitab boyu ruhumu ən çox titrədən şey o hər kəsə tanış olan, amma hər kəsin fərqli yaşadığı "ayrılıq aurası" oldu. Şair sevgini və onun yoxluğunu elə incə detallarla təsvir edir ki, sən darıxmağın sadəcə kədər olmadığını, həm də bir yaşamaq forması olduğunu anlayırsan. Bir insanın içindəki boşluğu riyazi düsturlarla ölçməyə çalışmaq, məsafələri ekvator xətti qədər uzaq, amma nəfəs qədər yaxın hiss etmək... Bu, poeziyanın məntiqlə ən zərif rəqsidir.
Və əlbəttə, o sirli İstanbul bənzətməsi... İnsan həqiqətən də bir şəhər kimi ola bilirmiş: həm izdihamlı, həm tənha; həm hər kəsə açıq, həm də sirlərlə dolu.
Bu kitab mənə öyrətdi ki, bəzi insanlar getsə də, bizdə buraxdıqları o "İstanbul havası" heç vaxt dağılmır. Yarımçıq qalmış hər hekayənin bir şeir payı varmış sən demə...
"Bir az kiçik qəsəbə,
Və İstanbul kimisən..."