Dəyərli həmkarım, Nuray Rəşidin şəhid Sahib Məmmədova həsr etdiyi "Vətən Sahibi" kitabı haqqında danışmaq mənim üçün olduqca çətindir.
Kitabı oxuyarkən duyğulanmamaq, ağlamamaq əldə deyildi.
Kitaba heç cür tənqidi yanaşmaq mümkün deyil. Kitab gözlədiyimdən artıq idi mənim üçün. Çünki ilk başda Şəhidə aid olduğunu düşünəndə, məlumat xarakterli olacağını sanmışdım. Amma bu kitab çox duyğu dolu kitabdır.
Bu cür yazarlar çox olmalıdır. Bu cür əsərlər yazılmalıdır. O ailəni dinləyib yazmaq ürək tələb edir. Onun bütün dostlarını, qohumlarını, döyüş yoldaşlarını araşdırıb tapmaq, dinləmək çox böyük işdir.
Bir şeyi səmimi olaraq qeyd etmək istəyirəm ki, bir yazar olaraq öz həmkarıma qibtə etdim.
Çünki mənim də 44günlük müharibə zamanı ailəmdən itirdiyim şəhidim var. Amma dərininə enib yazmağa ürəyim yetmir. Çox ağırdır mənim üçün. 5ildir ağlımdadır amma hələ cəsarət edə bilmirəm. Ona görə də müəllifə alqış düşür. Onu bu təşəbbüsünə görə alqışlayıram. Əhsən. Qələminə, ürəyinə sağlıq deyirəm. Bu yolda uğurlar arzulayıram.
Şəhidin ailəsinə yaxınlarına Allahdan səbr diləyirəm. Allah cəmi şəhidlərimizə rəhmət etsin.