"Yeddi yaşım olanda kəndimizdə ağacdan yıxılıb sol qolumu sındırmışdım. Hər yadıma düşəndə qolumdakı o ağrını hələ də hiss edirəm. Qolumu sarıyan həkimin yanından qayıdanda nənəmin mənə dediklərini dəqiq xatırlayıram. Bu günün sabahdan daha yaxşı olacağını, bu gün məni incidən və ya ağrıdan səbəbə dözə bilirəmsə, sabah daha az ağrıdacağını, ən əsası, bu gün aldığım yaranın sabah məni daha güclü edəcəyini demişdi. Nə qədər böyüsəm də, həmişə dara-çətinə düşəndə nənəmin bu sözlərini xatırlayıb təsəlli tapıram. Amma... Amma səni tanıdığım gündən bu yana sözlər tilsimini itirib. Sənsiz heç yaxşı olmur. Sənsizliyin verdiyi ağrı hər gün daha dözülməz olur. Nə qədər desəm də, nə qədər sabahı gözləsəm də, içində sən olmadığın heç bir gün, səni görmədiyim heç bir gün mənim üçün yaxşı keçmir.
"Səndən sonra qaranlıqdan qorxmağa başladım. Gecə düşəndə insanların yalnızlığımı anlayacaqlarından qorxuram. Yəqin bunları oxusan ağlımı itirdiyimi düşünərsən. Oxuyacaqsan, əlbəttə. Oxuyacaqsan. Ən maraqlısı bilirsən nədir? Günün çıxmağından da qorxmağa başlamışam. Onda da insanlar gözyaşlarımı görəcəklər".
"Nərminin çox gözəl ürəyi var, sevdiyi insan üçün canından keçər deyirdi, amma bir dəfə onu əsəbiləşdirdinsə və ya səndən şübhələndisə neyləyirsən elə, hədəfindən yayına bilmirsən".