Cümləmi bitirə bilmədim. Davam etsəm, səsim titrəyəcək, ağlayacaqdım. Hər çətinlik yaşayanda etdiyim kimi anama sarılmaq istədim. Yenə başımı dizlərinə qoyub özümü dünyanın bütün neqativ güclərindən qoruduğuma inandırardım. Anam həmişə mənə hələ də böyümədiyimi deyirdi. Haqlı idi. Mən heç vaxt böyümək istəməmişdim. İndi... Bu saniyə hələ də anamın kiçik qızı olmağı hər şeydən çox arzulayırdım.
“Mənə görə, uzun yaşamaq uzun illər həyatda qalmaq demək deyil. Uzun yaşamaq nə qədər ömrün qaldığından asılı olmayaraq, geri qalan həyatının hər saniyəsini illərə bərabər yaşamağı bacarmaqdır. Bunu isə yalnız sevdiyin insanla bacara bilərsən. Mənim saniyələrimi illərə bərabər edəcək yeganə insan sənsən.
Bu vaxta qədər sənsiz keçən heç bir saniyəni geri qaytara bilmərəm... Kaş səni daha tez görəydim, daha tez tanısaydım. Kaş səni daha çox yaşayaydım! Əlbəttə, keçmişə heyifsilənməklə onu geri qaytara bilmərəm. Heç içində sənin xatirələrinin olmadığı keçmişi də istəmirəm. Bilirəm, yenə səbirsiz olduğumu deyəcəksən. Amma bundan belə sənin olmadığın bir gələcəyi də yaşaya bilmərəm.
"Məni sevməyinə kiçik bir səbəb belə görə bilmirəm. Sənin sevgini qazanacaq qədər yaxşı insan deyiləm".
Vaxtında sözünə qulaq asmalıydım.
"Bəzən sənə layiq olmadığımı düşünürəm. O qədər təmizsən ki, mənim günahlarımı da yuyub aparırsan".