Nədən söhbət açaq bilmirik hələ,
Tale görüşdürüb bu yolda bizi.
Yaman sıxılırıq, tanısaq belə
Uzaqdan-uzağa bir-birimizi.
Gözüm tora düşüb sənin gözündə,
Nəfəsin közərdir kül altda közü.
Deməyə qorxuruq ikimizin də
Qəlbində boy atıb göyərən sözü.
Söhbət əsnasında itir çən, duman,
Eyni ahəng ilə vurur qəlbimiz.
Çəkinə-çəkinə söz seçən zaman
Mina axtarana bənzəyirik biz.
Nə qədər olarmış qoruq, qadağa?
Yüz ölçüb, bir biçmək müsibət imiş.
Ala gözlərinə olum sadağa,
Onun hər baxışı səadət imiş...
Sən mənim sevincim, günüm, ayımsan,
Taleyin bəxşişi - sevgi payımsan...