Birgə addımlamağa başladıq. Ordan-burdan söhbət açsaq da, ümumi keçmişimizə toxunmadıq. Nə vaxtsa ona yazdığımı, amma cavab almadığımı xatırladım. Ah, heç olmasa bu axmaq, mənasız hərəkətimi unudaydı! Məktublardan da söz açmadı!
Həmin dönəmdə özünəməxsus şəkildə, deyildiyi kimi, “təsadüfən” bir sığınacaq da tapmışdım. Amma bu cür təsadüflər olmur. Nə vaxtsa sənə zəruri olanı tapırsansa, bunun səbəbkarı təsadüf yox, sən özünsən, sənin öz şəxsi tələbatın, şəxsi qeyri-iradiliyin səni ona doğru aparır.
Xiyabanın sonunda qətiyyətsiz şəkildə dayanıb, nəzərlərimi çürümüş yarpaqlara dikdim və köhnəliklə ölümün nəm havasını ciyərlərimə çəkərək içimlə onları salamladım. Bu həyat necə də dadsızıydı!