Cəmiyyətin ən böyük faciəsi odur ki, “əxlaq” və “namus” sözlərini eşidən kimi bir çoxlarının ağlına yalnız qadın gəlir. Elə bil, əxlaq qadının ətəyində, namus onun saçında gizlənib. Halbuki əxlaq cinsin deyil, vicdanın atributudur. Əxlaqı yalnız qadınla bağlayan hər kəs, əslində, əxlaqın özünə xəyanət edən insandır. Əxlaq insanın öz içində qurduğu ədalət sistemidir. O, başqasına necə baxdığın deyil, özünə necə cavab verdiyindir. Əxlaqlı insan olmaq üçün başqalarının davranışını mühakimə etməyə ehtiyac yoxdur öz nəfsinin səsini dinləmək kifayətdir. Platon deyirdi ki, “ədalət ruhun harmoniyasıdır.” Əxlaq da bu harmoniyanın nəticəsidir. Əgər ruh parçalanıbsa, insanın ədalət hissi itirsə, əxlaq yalnız formal pərdə kimi qalır. Əxlaqın cinsə bağlanması onun ruhdan ayrılmasıdır. Cəmiyyət o anda mənəvi iflasa uğrayır, çünki artıq insanı daxilindən deyil, zahirindən ölçür. Kant “Əxlaq qanunu mənim içimdədir” deyəndə, bu fikirlə bütün insanlığa bir xəbərdarlıq etmişdi: Əxlaq Allahın insana yazdığı görünməz qanundur. Kim bu qanunu yalnız qadının geyimində, davranışında axtarırsa, öz daxilindəki qanunu itirib. Psixoloji olaraq, qadını əxlaqın simvoluna çevirən cəmiyyətlər öz nəfsinə sahib ola bilməyən kişilərdən ibarətdir.
Çünki belə bir kişi öz istəklərini idarə edə bilmir, amma “mən əxlaqlıyam” demək üçün qadının davranışını hədəfə çevirir. Bu psixologiyada “proyeksiya” adlanır insan öz zəifliyini başqasının üzərinə köçürür. Yəni, kişi nə qədər mənəvi cılızdırsa, qadının azadlığından bir o qədər qorxur. O qorxu isə onun içindəki bastırılmış günahın səsidir.
Beləliklə, “namus” qadının deyil, kişinin qorxusunun adı olur. Bu psixoloji sindromun ən təhlükəli tərəfi odur ki, o, nəsildən-nəslə ötürülür. Oğul atasından “qadını nəzarətdə saxlamağı”, qız anasından “səssiz olmağı”