Oxumaq üçün qışı gözləməyə ehtiyac yoxdur deyib başlamışdım kitaba. Nə yaxşı ki də başlamışam. Orhan Pamukdan oxuduğum ilk kitab idi. Öncə biraz önyargılarım olsa da, kitab çox rahat irəlilədi. Bütün günü yanımda daşımağım da onunla aramda duyğusal bağ yaratmışdı.
Əsər Kərim Alaquşoğlu adlı qəhramanın Qarsda keçirdiyi günlərindən danışır. Amma ona KA deyə müraciət edilməsini sevir. Orhan Pamuk KAnı təsvir edəndə yazırdı ki, o çox təmiz insandır, elə buna görə də Çexovun həyatda bəxti gətirməyən qəhrəmanları kimi həmişə kədərli idi. Bu bənzətnəni çox sevmişdim. KAnın Qarsda yaşadığı günlər bir insanın bəlkədə normal həyatında yaşadığı hadisələrdən qat qat hərəkətli idi. Yazar KAnın Qarsda yaşadıqlarının fonunda o dövrün Türkiyəsini geniş təsvir edib. Hicablı qızların intiharı, kürd-türk münaqişəsi, illərdir uzanan erməni-türk söhbətləri öz əksini tapıb.
Əsas qəhraman isə öz melanxonik daxili dünyası ilə Almaniyadan sonra Qarsla dil tapmağa çalışırdı. Onun şair ruhu orada öz hüzuruna qovuşmuşdu. Kitab boyunca KA 19 şeir yazır. Şeirlərin heç biri verilməsə də, insan onların mükəmməl olduğuna özünü inandırmaq istəyir. Əlimdə daha 2 Orhan Pamuk kitabı var. Bir neçə kitabdan sonra yenə bu sevimli və Nobel mükafatçısı yazara geri qayıdacağam <3