Sizi atıb gedəcəkləri gün, vaxtıykən “sevirəm” kəliməsi ilə öz məhəbbətlərini təmizə çıxardıqları kimi, “daha sevmirəm” sözü ilə də öz gedişlərinə haqq qazandıracaqlar, “ürəyə əmr etmək olmur” deyib gedəcəklər.
Müasirlərimizdən birinin dediyi kimi “heç vaxt özünüzü oda-közə vurmayın!” Özünüzü oda yaxmağın axırı aldanmaqdır, adama məyusluq gətirir; siz fədakarcasına canfəşanlıq göstərəcək, amma bunun qarşılığını görməyəcəksiniz.
Mərhəmət hissi ürəyimin bütün tellərini boşaldır və əsəblərimi keyləşdirir. Son on ilin ağır zərbələri buna görə mənim axırıma çıxdılar; kövrək ürəyim o qədər sarsılıb ki, daha taqəti kəsilib, innən belə heç bir şey onu canlandırmır; bir vaxtlar fırtınalara sinə gərməyə kömək edən gücüm də hərdən məni yarı yolda qpyur. Bəli, hərdən məğlub oluram. İstirahət etməsəm, yorğun ruhumu dənizin sularında yumasam, yox olub gedəcəm.
Bitib-tükənməyən iztirablarım isə mənə əzab çəkdikcə daha da güclənən bir iradə verdilər və ruhumu mənəvi zərbələrlə mübarizəyə hazırladılar. Həmişə nəsə bir zərbə gözləyən qurbanlar kimi yeni zillətləri gözləyə-gözləyə bütün varlığımla kədərli itaətin təzahürünə çevrildim.