"Sənin, ey şux məlaikzada, qurbanın olum,
Gəlmişəm dərgahına mən dada, qurbanın olum,
Nə olur, bir yetsən fəryada, qurbanın olum,
Məni gözdən salıb uyma yada, qurbanın olum,
Belə iş yaxşı deyil, heç ada, qurbanın olum!
Düşmüşəm dərdinə, çox möhnətü qayğu çəkirəm,
Deyə bilməm sənə, amma elə gizlu çəkirəm,
Neyləyim, çox görürəm zülmünü, qorxu çəkirəm,
Dolanıb mən qapına, busəyə arzu çəkirəm,
Sən özün bir yetəsən fəryada, qurbanın olum!
Ləblərin ləli-Yəmən, qönçeyi-tərdir dəhənin,
Tazə gül xərmənidir başdan-ayağa bədənin,
Lal edər tutiləri ləhceyi-şirin süxənin,
Gülşənin rövnəqisən, zinətü bağü çəmənin,
Boyun oxşar sənin ol şümşada, qurbanın olum!
Xəstənəm, çox dilərəm, yanıma bir dəm gələsən,
Çəkibən xəncəri, bağrım başını bir dələsən, Baxıban bəndə çəkən cövrü cəfanı biləsən,
Bəlkə, bir rəhmə gəlib dərdimə çarə qıləsən,
Getməyə ah ilə ömrüm bada, qurbanın olum!"