İlk eşqimiz elə bil ki nağıldı,
Yadındamı? Biri vardı, biri yox...
Tilsim sındı, əfsun kimi dağıldı,
Heyif, heyif, biri vardı, biri yox...
Yollarımız dərə, təpə, düz oldu,
Ağzıbikar qarılara söz oldu.
Amma ömrü lalə kimi az oldu
Bu sevdanın... Biri vardı, biri yox...
Gülüm, bütün elin gözü bizdəydi,
Eh, nə bilim... bəlkə, bizə göz dəydi.
Bu sevdanın "üç alması" tez dəydi,
Biz dadmadıq, biri vardı, biri yox...
Ulduzları salxım-salxım dərərdim,
Çəmənləri ayağına sərərdim,
Səni hər gün yuxularda görərdim,
Sevgi və sən - biri vardı, biri yox...