"Bir də ölüm hər kəsin normal və qanuni aqibətidirsə, adamların ölümünə mane olmağın nə mənası? Bir alverçinin və ya bir məmurun beş-on il artıq yaşamasından nə çıxar? Təbabət elminin məqsədini dərmanların insan əzabladını azalmasında gördükdə isə, ortaya belə bir sual çıxır ki, bu əzabı nə üçün azaltmalı? Əvvələn, deyirlər ki, əzab insanı kamala çatdırır, ikincisi, bəşəriyyət, doğrudan da, öz iztirablarını cürbəcür həp və damcı dərmanları ilə yüngülləşdirməyi öyrənsə, dini və fəlsəfəni bilmərrə atmış olar. Halbuki insanlar bu vaxta qədər din və fəlsəfə vasitəsilə nəinki özlərini hər cür fəlakətdən qorumuş, hətta onlarda özlərinə xoşbəxtlik də tapmışlar. Puşkin ölərkən müdhiş əzablar çəkmiş, zavallı Heyne bir neçə il iflic olub yorğan-döşəyə düşmüşdür, nə üçün həyatları mənasız keçən və iztirab olmasaydı, amyöb kimi büsbütün boş ömür sürən Andrey Yefimıç və ya Matryona savvişna kimiləri xəstələnməsin?"