Mən xarici ədəbiyyata ümumiyyətlə kitab oxumağa bu əsər sayəsində başlamışam. Bəlkə də oxuduğum ilk kitab bu olduğuna görə Aqata Kristi yaradıcılığı və onun əsərləri mənim üçün həmişə əvəzolunmazdır. Xüsusilə də Kristinin təxəyyülünün məhsulu olan məşhur xəfiyyə Erkül Puaro...Puaronun qeyri-adi tərzi, davranışları, təmkini onu digər xəfiyyələrdən fərqləndirən ən önəmli xüsusiyyətlərdir mənim nəzərimdə.
Mavi qatarın sirri əsərində adından məlum olduğu kimi mavi rəngli bir qatarda qətl baş verir. Məşhur qızıl alverçisinin qızı Ruf öldürülür. Bu hadisəni məhz Erkül Puaro araşdırmağa başlayır. Puaro iti zəkası ilə qatilin kim olduğunu və qətlin səbəbini üzə çıxarır.
Bir sözlə əsəri oxuduqda təəccüblənməmək əldə deyil. Detektiv əsərlərində kiçik xırdalıqlar belə böyük bir önəm daşıyır deyə tam ətraflı yazmaq istəmədim. Aqata Kristi oxucularından biri olaraq oxumayanlar varsa oxumağı tövsiyə edərdim. Detektiv janrını sevənlər üçün Aqata Kristinin əsərləri qiymətli bir xəzinədir. Və Aqata Kristi həm qəlbimin, həm də detektiv janrının kraliçasıdır...