- Mən bu həyatı, insanları anlamaqda çətinlik çəkirəm. Bəlkə də, hər birimiz özümüzə qayıtmalı, acı da olsa, həqiqətdən qaçmamalıyıq, istədiyimizi deyil, özümüzə məxsus olan taleyi tapmalıyıq. Onu tapandan sonra isə bütün varlığımızla ona təslim olmalı, aqibətimizi də şəksiz-şübhəsiz qəbul etməliyik... Bəli, şəksiz-şübhəsiz... Xəyallarımızdakı talelərin arzusundayıq, ona görə də öz həyatımızdan məmnun qalmırıq. Gözümüz onun-bunun həyatındadır...
İnsan yeganə canlıdır ki, bir-birinə zidd olan xüsusiyyətləri özündə cəm edə bilir. İnsan yeganə canlıdır ki, şiddətlə sevdiyi kimi şiddətlə də nifrət etməyi bacarır. O, yeganə canlıdır ki, bir anın içində bir hissdən digərinə, bir haldan onun tam ziddinə keçə bilir. Ən təəccüblüsü də budur ki, insan özünün belə qəribə və nadir canlı olduğunu anlamır. Özündən bunu gözləmir. Yalnız bəzi şəraitlərdə, sərhəd vəziyyətində qəfildən özünü indiyə qədər tanımadığı başqa bir simada görür. Buna hazır olmayan insan həmin anda heç nə edə bilmir, bəlkə də, özünün bu yeni simasını elə həqiqi mahiyyəti kimi qəbul edir. Əvvəlki insan simasının, əslində, yalnış olduğunu düşünür. Bu qəribəliyi, məncə, tarixin bütün psixoloqları bir yerə cəm olsalar belə, anlayıb izah edə bilməzlər. Yazıçı qələminin mürəkkəbi sadəcə insanın bu çevrilişini göstərməyə çatır, izaha gəldikdə isə quruyur.