İndi ancaq bu günlə yaşamağımız lazımdır. Keçmişdə nə olub, ya da sabah nə olacaq,bunu düşünməklə nə dəyişəcək? Həyat insana yalnız bir dəfə verilir. Keçmişin acılarını düşünərək, gələcəkdə nə baş verəcəyi barədə təlaşa qapılaraq bu günümüzün xoş anlarını əldən buraxmaq olmaz.
Həyat başımızı elə qatıb ki. Keçici ləzzətlərlə özümüzü elə aldadırıq ki, günün necə keçdiyinə belə diqqət etmirik. Bu minvalla həyat bizə özümüzü unutdurur. Bizi əhatə edən maddi aləmə olan bağlılıq qəlbimizin dərinliklərində olan ilahi meyli kütləşdirir. Ətrafımızda olan yüksək səslər fitrətimizdə, onsuz da, zəif olan o səsi lap eşidilməz edir.