Qoy heç kəs deməsin ki, mən dilənçi olmayacağam, ya həbsxanaya düşməyəcəyəm, bunu əsrlər boyu əldə edilmiş xalq təcrübəsi göstərmişdir. İndi ki, mühakimə üsulunda məhkəmə səhvi mümkün olan şeydir və bunda təəccüb ediləcək bir şey yoxdur. Özgənin iztirabına rəsmi, işgüzar bir əlaqə bəsləyən hakim, polis nəfəri,həkim kimi adamlar, zaman keçdikcə gördüklərinə o qədər adət edirlər ki, bu, artıq adi vərdiş olur və onlar istər-istəməz öz müştərilərinə rəsmi əlaqə bəsləyirlər, həmin adamlar bu cəhətdən həyətarası qoyun və dana kəsən və tökdükləri qanı görməyən mujikdən heç də fərqlənmirlər. Şəxsiyyətə rəhmsiz, formal əlaqə bəsləyəndə günahsız adamı bütün əmlakından və hüququndan məhrum edərək, özünü katorqa cəzasına məhkum etmək üçün hakimə yalnız bircə şey lazımdır: vaxt. Bir para formal cəhətlərə riayət etmək üçün vaxt lazımdır ki, bunun üçün də hakimlərə maaş verib saxlayırlar, bundan sonra isə hər şey bitdi, getdi. Sonra gəl dəmir yoldan iki yüz verst uzaqda olan bu kiçik, palçıqlı şəhərdən ədalət və kömək gözlə! Hər bir zorakılıq cəmiyyət tərəfindən əlverişli bir zərurət kimi qarşılandıqda və hər bir mərhəmət, şəfqət aktı, məsələn, bəraət hökmü cəmiyyətdə bir sıra narazılıq və intiqam hisslərinə səbəb olduqda, ədalət haqqında düşünmək gülünc olmazdımı?