Toğrulun özü möhkəm iradəyə malik bir hökmdar olsaydı, onun ətrafında olanların dəyərsizliyi məni heç də düşündürməzdi. Ümumiyyətlə, Şərq hökmdarlarının ətrafındakı işçilərin dəyərsizliyi hökmdarların özünün dəyərsizliyindən doğur.
Bəzən Toğrul kimi dəyərsiz hökmdarlar dəyərli işçiləri idarə etməyin çətin olduğunu hiss edincə, öz ətrafına dəyərsiz və şüursuz adamları cəlb edirlər. Bəzən də hökmdarın dəyərsizliyi dəyərli vəzirləri də dəyərsizliyə məcbur edir.
Mən dünyada hər şeydən artıq yaltaq adamlardan iyrənirəm. Çünki onlar dəyərsiz padşahın ruhunu aldadırlar. Onlar Toğrul kimi cahil və iradəsiz bir hökmdarı tərif edə-edə inandırırlar. Hökmdar doğrudan da özünün xariqüladə bir şəxsiyyət olduğuna inanır. Madam ki, hökmdarın özü yaltaq axtarır, o zaman yaltaqları təqsirləndirməyə haqqımız vardırmı? Məmləkətin ən qorxulu düşmənləri padşahın şəxsiyyətini böyüdən və onu özü haqqında iştibaha salan adamlardır. Yaltaqları hazırlayan saraylar və hökmdarlardır. Onlar öz sənətlərini ancaq saraylarda ikmala yetirirlər. Yaltaqlar hökmdarın ağzından çıxan hər bir adi sözü Quran ayəsi kimi və asimani sözlər kimi təbir edərək onun özünə satırlar.