Düşünürəm ki,bunu belə izah etmək olar: həyatda çox vaxt əsl faciələr elə qeyri-estetik forma alır ki, bizi öz kobud azğınlığı, son dərəcə məntiqsizliyi və mənasızlığı, zəriflikdən belə əlamət olmaması ilə incidir, əzab verir. Onlar bizə vulqar təsiri bağışlayır. Onlar bizə yalnız heyvani hisslər bəxş edir və biz buna qarşı üsyan edirik. Lakin bəzən də biz həyatda elə dramlarla qarşılaşırıq ki, orada bədii gözəllik elementlərini görürük. Əgər bu gözəllik həqiqi gözəllikdirsə, onda hadisələrin dramatizmi bizə təsir edir və biz qəflətən görürük ki, artıq aktyorlar deyil, sadəcə, faciənin tamaşaçısı qismindəyik. Ya da həm aktyoruq, həm də tamaşaçı. Biz öz-özümüzü seyr edirik və bu mənzərənin son dərəcə qeyri-adiliyi
bizi valeh edir.
– Ona görə ki, başqasına təsir etmək o deməkdir ki, sən qəlbini ona verirsən. O da öz ağlı ilə düşünmür, öz ehtirasları ilə yaşamır. Onun yaxşı cəhətləri də özününkü olmur, günahları da – əgər dünyada günah deyilən bir şey mövcuddursa –özgədən gələn günahlardır. Bir növ, o, özgə bir musiqinin əks-sədası olur; sanki,
onun üçün yazılmayan bir rolu oynayan aktyor olur. İnsan həyatının məqsədi
özünü ifadə etməkdir. Biz ondan ötrü yaşayırıq və burada mövcuduq ki, özümüzü göstərək, özümüzü ifadə edək. Amma bizim zəmanədə insanlar özləri özlərindən qorxmağa başlayıblar. Onlar unutmuşlar ki, insanın ən ali vəzifəsi onun öz qarşısındakı vəzifəsidir. İnsan gərək öz vəzifəsini anlaya. Əlbəttə, onlar iltifat və xeyirxahlıq göstərirlər: acları yedizdirir, lütləri geyindirirlər. Lakin əslində,onların öz qəlbləri ac-yalavac və çılpaqdır. Biz cəsurluq deyilən bir dəyəri
itirmişik. Ola bilsin ki, bu keyfiyyət heç əzəldən bizlərdə olmayıb. İctimai
fikirdən qorxmaq – bu, əxlaqın əsasıdır – Allahdan qorxmaq deməkdir və din də
bu qorxu üstündə bərqərar olub; bax bu iki seydir bizi idarə edən, bizə hakimlik
edən. Və bununla belə...