Bilirəm ki, bir gün gələcək, gözlərim artıq bu torpağı görməyəcəkdir və həyat məni sükut içində qoyub gözlərimə son pərdəni çəkəcəkdir.
Amma gecələr yenə ulduzlar parıldaşacaq, əvvəlki kimi səhər açılacaq, saatlar gələcək və nəşəni dəniz dalğaları kimi dalğalandıra-dalğalandıra axıb gedəcəkdir.
Mən öz anlarımın sonunu düşündükdə, qarşımda anların pərdəsi sökülüb-tökülür və ölümün işığında sənin xəzinələrlə dolu dünyanı görürəm.Orada ən alçaq mövqe gözəldir, ən həqir həyat gözəldir!
Arzuladığım şey, əldə etdiyim şey, qoy heç-puç olub getsin.Mənə yalnız rədd etdiyim, həqarətlə baxdığım şeyləri lütf elə.
Əgər mənə bu həyatda səninlə görüşmək nəsib olmayacaqsa, elə et ki, sənin surətini görməkdən məhrum olduğumu həmişə hiss edim; elə et ki, səni bir an da unutmayım, oyaqlıqda da kədər neştərini hiss edim...
Mən kəndin küçəsində qapı-qapı gəzib, sədəqə diləyirdim ki, birdən sənin qızıl gərdunən füsunkar bir röya kimi peyda oldu, ey şahlar şahı!
Qəlbimdə ümidlər oyandı, mənə elə gəldi ki, yaman günlərim qurtarmışdır, durub gözləyirdim ki, diləmədiyim sədəqə xəzinələri dövrəmə səpiləcəkdir.
Gərdunə qarşımda durdu.Sən mənə nəzər yetirib, gülümsünə-gülümsünə gərdunədən düşdün.Mən duydum ki, nəhayət, ömrümün xoşbəxt çağı yetişmişdir.Amma sən birdən-birə sağ əlini uzadıb dedin: "Mənə sədəqə verəcəksən?" Ah, əlini açıb dilənçidən sədəqə diləmək, bu nə şahanə bir əda idi! Mən utanıb, çaşqın-çaşqın durmuşdum, sonra dağarcığımdan asta-asta xırdaca bir dən çıxarıb sənə verdim.
Axşam mən öz dağarcığımı silkələyib çırpdıqda, döşəməyə xırdaca bir qızıl dən düşdüyünü gördükdə, dərin heyrət içində qaldım.Mən acı-acı ağlayıb heyfislənirdim ki, niyə sənə hamısını verməmişəm.