İllərdi Agatha Christie oxucusu olsam da, heç vaxt Miss Marpl seriyasıdan olan kitablarına nəzər salmamışdım. Yəqin ki, qatı Puaro pərəstişkarı olduğum üçün Miss Marpl ilə onu müqayisə eləməkdən yayınmağa çalışmışam. Oxucuların da əksəriyyəti hələ Agatha'nın sağlıq dövrlərində belə ikisini həmişə müqayisə ediblər. Elə kitabın müqəddiməsində Agatha özü də bundan söz açır və Miss Marpl'ı üstün tutduğunu deyir. Üstəlik, bu seçimini açıqlayarkən Miss Marpl'ın insan təbiətinə daha bələd olduğunu, eyni şeyi Puaro'nun etməsi üçün bir kitab yazı yazmalı olduğunu deyərək məzəmmət də edir. Bu hər nə qədər doğru olsa da, Puaro'nun 300 səhifəlik kitab boyu oxucunu barmağına dolamağının və işin üstünü son 3 səhifədə açmağının da öz ləzzəti var.
"13 müəmma" əsərinə gəldikdə isə, Daily Mirror'un da yazdığı kimi kitabı heyifsilənərək oxudum. O qədər çox süjet xətti, qarışıq motivlər var ki, bunların hərəsinə bir roman yazmaq əvəzinə hamısını bir kitabda israf eləmək ancaq Agatha'dan gözlənə bilərdi. Olduqca axıcı, bir fəsli bitirən kimi o birinə başlamaq həvəsi yaradan əsər, Miss Marple seriyasının ikinci kitabıdır. Mənim kimi Puaro pərəstişkarısınızsa və Miss Marpl kitablarına daxil olmaq üçün bir giriş lazımdırsa, elə bu kitabın özündən başlaya bilərsiniz.
Son olaraq, Teas Press'in ölkədə Şərq-Qərb'dən sonra gələn ikinci ən yaxşı nəşriyyat olduğuna bir daha əmin oldum. Dizayndan tutmuş səhifə nömrələrinin üstündəki lupa təsvirlərinə, tərcüməçi qeydlərinə qədər hər şey çox keyfiyyətli və üzərinə düşünülərək hazırlanıb. Tərcüməyə də söz ola bilməz.