Ehtiram Babaşov – ‘Mənim qəhrəmanım olarsan? 2’
Yenə mən, yenə gənc bir yazar və yerli ədəbiyyat. Birinci hissəsini bəyəndiyim kitabın ikinci hissəsi haqqında fikirlərimi bölüşmək istəyirəm. İlk olaraq yazıçının qələmində ən çox bəyəndiyim cəhəti yenə də qeyd etməliyəm – təsvir bacarığı. Məkan, obraz, hadisə – hər şeyi nə uzun, nə də qısa, lazımi qədər dolğun və səliqəli şəkildə verə bilir. Oxuyarkən hər şey göz önündə rahat canlanır, oxucunu yormur. Bu xüsusiyyət hər iki kitabda da özünü açıq şəkildə göstərir. Digər bəyəndiyim tərəf isə oxucunu həyəcanlandıra bilməsidir. Temp qalxa bilir, adrenalin artır, oxuma sürəti yüksəlir, oxucunu kitabın içində saxlamağı bacarır.
Amma açıq deyim ki, kitabın ortalarına doğru bir az sönüklük hiss etdim.“Sıxıldım” deməzdim, amma birinci kitabla müqayisədə axıcılıq və maraq bir qədər zəif idi. Mən adətən tənqidi tərifdən daha çox edən biriyəm, ona görə də deməliyəm. Birinci kitab mənə görə daha maraqlı və daha axıcı idi. Bu kitabda isə hekayə sanki bir az zəif idi. Kitabdakı silsilə qətllər həm maraqlı, həm də müəmmalı idi. Amma cinayətkarın kimliyinin açılması və axtarış prosesi mənə bir az sakit, bir az səssiz gəldi. Daha səs-küylü, daha gərgin yazıla bilərdi. Bir də keçmişə tez-tez gedib-gəlmələr var idi, bəzi yerlərdə bu məni bir az qarışdırdı. Buna baxmayaraq, yazıçının dili yormur, cümlələr qəliz və çətin deyil, oxunuş rahatdır. Sadəcə hekayənin özü mənə görə tam güclü deyildi. Amma yazıçının qələmini bəyənirəm. Çünki onun yazı tərzini, detallarla işləmə bacarığını görürəm. Oxuduqca istər-istəməz birinci kitab yadıma düşürdü və aradakı fərq hiss olunurdu. Birinci kitab mənim üçün tamam başqa idi.
Mövzu olaraq isə keçmişin insanı buraxmaması üzərində qurulmuş bir hekayə oxuyuruq. Vaxtilə edilən səhvlərin qarşılığı, ard-arda