Mənim əsas fikrim isə məhz bundan ibarətdir ki, insanlar təbiətin qanununa görə iki təbəqəyə bölünürlər: bunlardan biri aşağı pillədə duran (adi) insanlardır, yəni yalnız özlərinə oxşar insan törətməyə xidmət edən materialdır; biri də ki, əsil insanlardır, yəni öz mühitində təzə söz deməyə qabiliyyəti, ya da istedadı olan insanlardır. Əlbəttə, burada bölgü nəhayətsizdir, lakin bu iki təbəqəni bir-birindən ayıran xüsusiyyətlər çox kəskindir, birinci təbəqəni təşkil edən və ümumiyyətlə desək, material, yəni insanlar, öz təbiətlərinə görə, mühafizəkardır, dincdir, itaətkardır, itaətkar olmağı da xoşlayarlar. Məncə onlar elə gərək itaəktar olsunlar, çünki bu onların nəsibidir, burada onları alçaldan heç bir şey yoxdur; ikinci təbəqəyə mənsub olan insanların hamısı isə hərə öz qabiliyyətinə görə,qanunu pozurlar, onlar pozub dağıdandırlar, ya da pozub dağıtmağa meyil edirlər.