Yağışla xəyalım rəqs eliyəndə,
Duyğu ürəyimdə səadət gəzir.
Hislərin ələyi tərs əliyəndə,
Sevginin küləyi aramsız əsir.
Gecə ürəyimdə qopur vəlvələ,
Xəyalın gerçəyi azın içində.
Bahardır sevinə bilmirəm hələ,
Payız axtarıram yazın içində.
Gələcək talehim yazılır indi,
Bu günü tezbazar yaşayıram mən.
Uşaqlıq zamanım ani keçindi,
Gəncliyi ömürdən boşayıram mən.
Bəxtimdən keçibdir dayanım daha,
Nəyimə gərəkdir belə qocalmaq ?
Bu ucuz dünyanı yaşayıb baha,
İstərdim səadət qurub, ucalmaq…
Əziz Qənbərov