Salam, bu gün sizinlə Dostoyevskinin "Yeraltından notlar"əsəri haqqında olan fikirlərimi bölüşəcəm. İlk öncə onu qeyd edim ki, əsər psixoloji roman janrındadır. İnsana daxili cəhətdən təsir edir, çünki əsas obrazda olan xüsusiyyətlər bizdə də az da olsa var.
Əsərin baş qəhrəmanı adsızdır. Ona görə "Yeraltı adam" kimi qeyd edəcəm. O, özünü cəmiyyətdən təcrid etmiş, Peterburqda bir "yeraltı" mənzildə yaşayır. Bu mənzil onun mənəvi sığınacağıdır. Qəhrəman həddindən artıq ağıllı, lakin bu ağlın gətirdiyi analiz qabiliyyəti daxilində boğulan, özünü həm hamıdan üstün görən, həm də hamıdan nifrət edən biridir.
İki dəfə iki dörddür fikri ilə razılaşmır. Qəhrəman bu riyazi dəqiqliyə nifrətlə yanaşır. Çünki hər şey məntiqlə hesablansa, insanın azad iradəsi yox olar düşüncəsindədir.
İnsan bəzən sırf "mən azadam" demək üçün öz ziyanına olanı seçə bilər. Dostoyevskiyə görə, heç bir insan ideal deyil. İnsan bəzən xaosu, acını və məntiqsizliyi rahatlıqdan üstün tutur.
Kitab müasir insanın cəmiyyət içində necə yadlaşdığını göstərir. Qəhrəman digər insanlarla ünsiyyət qurmaq istəsə də, daxilindəki qürur buna imkan vermir. O, hər bir hərəkətini yüz dəfə ölçüb-biçdiyi üçün təbii ola bilmir. Bu, "həddindən artıq dərindən düşünməyin bir xəstəlik olması" fikrini təsdiq edir.
Əsər qısa və axıcı idi. Çox rahat oxunurdu. Həmçinin, müəllifin çatdırmaq istədiyi fikirə görə əsər çox məşhurdur. O bu əsərdə ideal insan deyil, qüsurlu, real insan yaratmışdır.