Öz fikirlərinə çox ehtiyatla yanaşmaq, sağlamlıq gətirən pozitiv fikirləri ayırd edib beyində yalnız onlara yer vermək vacibdir. Çünki şüuraltı seçim edə bilmir və hər bir fikri - istər neqativ olsun, istərsə də pozitiv - ona verdiyimiz əmr kimi qəbul edir.
Güclü hədəflə motivasiya olunan, beyni yalnız qələbəyə kodlaşan idmançı şüuraltı olaraq özünə təlqin edir: “Mən sona qədər davam etməliyəm; mənim heç yerim ağrımır; mən güclüyəm, özümü əla hiss edirəm; mübarizə üçün gücüm var". Nəticədə, ən ağır zədələrlə yarışa davam edir. Məhz özünətəlqin bacarığını işə sala bilməsi böyük idmançıları daha aşağı nəticə əldə edən idmançılardan fərqləndirir. Burada önəmli olan idmançının fiziki parametrləri deyil, mübarizə əzmi, hədəfə çatmaq istəyinin nə qədər şiddətli olmasıdır.
Burada iki mühüm nəticəyə gəlirik:
1) İnsan faktları gözardı etməyə meyillidir. Buna psixoloji tələlər səbəb olur;
2) Faktları bilmək və yanlışlığına əmin olmaq da çox vaxt heç nəyi dəyişmir.