İnsanın sərvəti əlindən çıxıb, ona bu xəbəri çatdırmaq lazımdır. Bu zaman demək olar ki: "Sizin sərmayənizin üçdə biri məhv oldu", yaxud da: "Biz sərmayənizin çox hissəsini, üçdə ikisini qoruya bildik". Birinci xəbər ona daha ağır gələcək, infarkt belə olsa, təəccüblənməyin. İkinci təqdimatda isə ağır vəziyyətdən uğurla çıxdığını düşünür. Eşitdiyimiz məlumatları özümüzə və başqalarına təqdim edəndə elə qəlibə salmalıyıq ki, ümid, xoşbəxtlik, həvəs, sevinc, motivasiya, yaradıcılıq şövqü yaransın.
Beynini işlədib alternativlər tapmaq istəməyən insan ən primitiv qəlibi seçir. Bu qəlib ilk zehnimizə gələni bizə həqiqət kimi qəbul etdirir, alternativ, daha məntiqli variantlara şans vermir. Nəticədə, başımız ağrıyan kimi beyin xərçəngi olduğumuzu fikirləşib panikaya düşür, dostumuz iki gün zəng etməyən kimi ünsiyyətdən bezdiyini düşünüb inciyir, qəzəblənirik.