Mənə bəzən elə gəlir ki, bəzi insanlarla və ya əsərlərlə aramızda görünməyən, izahı olmayan bir rabitə var. Elə bil ruhun dərin qatlarından çıxıb, bir başqa ruhun qaranlıq küncünə toxunur. Mənim üçün Bryan Charnley belə biridir. Nə vaxtsa tanımadığım, heç bir real münasibət qurmadığım, amma yenə də nədənsə özümə çox yaxın bildiyim bir insan. Gecələr yuxularıma girir səbəbsiz, xəbərsiz. Yadıma elə düşür, elə bil beynimdə nə isə qırılıb, düşüb onun adına çevrilir.
Onu çəkərkən, fırça əlimdə özüm kimi titrəyirdi. Rənglər əlimdən çıxanda nə mən onlara, nə onlar mənə tabe idi. Nə çıxdı ortaya? Qaranlıq. Bəli, qaranlıq. Amma eyni zamanda... rəngli bir qaranlıq. Elə bir palitra ki, ruhun həm əzabını, həm də işığa can atan tərəfini çılpaq şəkildə göstərir.
Səbinə(rəfiqəm) bu rəsmi görəndə “şahəsərlərinin ilki budur” dedi. Gülümsədim. Amma içimdə qəribə bir qorxu vardı ya doğrudan da bu rəsmdə ilk dəfə özümlə qarşılaşmışamsa? Ya doğrudan da, Bryan Charnley ilə məni bağlayan o görünməyən tel, bu rəsmdə görünür hala gəlibsə?