Sizin fikrinizcə, kasıb, amma ismətli bir qız namuslu əməklə çoxmu pul qazana bilər? Əgər o, namuslu isə və xüsusi bir istedadı yoxsa, bir də ki, səhərdən axşama kimi işləməzsə, gündə heç on beş qəpik də qazana bilməz!
Yəqin ki, o, tanımadığı müxtəlif adamlarla burada tez-tez söhbət etdiyi üçün belə təmtəraqla danışmağa adət etmişdi. Bəzi əyyaşlarda bu adət bir ehtiyac şəklini alır, ən çox da o əyyaşlarda ki, evdə onlarla sərt və amansız rəftar edirlər. Buna görə onlar içki məclislərində həmişə sanki özlərinə haqq qazandırmağa, əgər mümkünsə, hətta hörmət qazanmağa çalışırlar.
Kasıblıq ayıb deyil – bu bir həqiqətdir! Amma hörmətli cənab, yoxsulluq ayıbdır. Kasıblıqda siz hələ də fitri hisslərinizin nəcibliyini mühafizə edirsiniz, yoxsulluqda isə heç kəs heç vaxt bu hisslərinin nəcibliyini mühafizə edə bilməz. Yoxsulluq üstündə adamı, daha ağır təhqir etmək üçün insan məclisindən süpürgə ilə süpürüb bayıra atırlar, heç ağacla da qovmurlar, yaxşı da edirlər, çünki yoxsulluqda mən özüm-özümü birinci olaraq təhqir etməyə hazıram.