Hər gecə, hər səhər özümə baxıram. Aynadakı o yad adama. Gözlər mənim gözlərim, dəri mənim dərim, amma içimdə bir əksiklik... Bir yarıqlıq... Sanki kimsə məni ortadan ikiyə bölüb, o biri yarımı aparıb. Qalan bu kölgə, bu sadə, bu yarımçıq insan.
Bu nə vaxt başladı? Xatırlamağa çalışıram. Uşaqkən bəlkə də tam idim. Ya da bəlkə elə zənn edirəm. Uşaqlıqdır, əksiklərini belə unudursan. Oynayırsan, gülürsən, qaçırsan... Sonra bir gün dayanıb baxırsan: Niyə hamı bir tam, mən isə yarımçıq?
İnsanların içində gəzirəm. Danışırlar, gülürlər, ağlayırlar. Tam insanlardır onlar. Mənsə... Mən onların arasında bir boşluq kimi. Varlığımla yoxluğum arasında gəlib-gedən bir kölgə. Kimsə fərq etməz bəlkə, amma mən hiss edirəm. Hər əl sıxışmada əlim bir az havada qalır. Hər baxışmada gözlərim bir az qaçır. Hər sevgidə bir az əskik sevirəm, çünki sevəcək tam bir yanım qalmayıb.
Sorarlar bəzən: "Necəsən?" Cavab verirəm: "Yaxşıyam." Amma içimdən bir səs: "Yarımçığam, yaxşıyam yaxşı olmasına da..." deyir. Yalan deyirəm. Yaxşı deyiləm. Pis də deyiləm. Sadəcə... yarımçığam.
Bəzən düşünürəm: Bu yarımçıqlıq bir itkidir, yoxsa bir qazanc? Bəlkə də əksik olan, çox olanı anlamağıma yardım edir. Bəlkə də yarımçıq olmaq, tam olmağın nə demək olduğunu bilməkdir. Tamlar bilməz bunu. Onlar heç əksilməyib. Amma mən bilirəm. Mən bilirəm səhərlər oyanıb bir parçanı yataqda unutmağı. Bilirəm birinə sarılıb da ancaq yarım sarılmağın acısını. Bilirəm aynaya baxıb da ancaq bir yarını görməyin səssiz çığlığını.
Və yenə aynanın qarşısındayam. O yad insan hələ də orada. Bəlkə də, o məndən daha şanslıdır. O heç olmasa bir yansımadır. O heç olmasa bir tamdır. Orada, şüşənin o biri tayında, tamamlanmış dayanır. Mənsə burada, bu tayda, həmişə bir addım geridə, həmişə bir parça əksik.
Nə etməli? Necə tamamlanmalı?