Mənim üçün bu kitabın ən dəhşətli cəhəti onun real olmasıdır. On altı yaşlı Leyla – adi bir qız, xəyalları olan, sevən, gülən bir insan – bir gün düşərgəyə düşür. Və orada gördükləri, yaşadıqları o qədər çılpaq, o qədər amansızdır ki, oxuyarkən bəzən kitabı yerə qoyub dərin- dərin nəfəs almalı olursan. Mən özüm də bir neçə dəfə belə etdim. Çünki o səhifələr insan təbiətinin ən qaranlıq, ən iyrənc tərəfini üzə çıxarır.
Mənim baxış bucağımdan Leyla təkcə Bosniya faciəsinin deyil, bütün müharibələrin ortaq qadın və uşaq dərdinin hekayəsidir. Çünki müharibə eyni üzü olan bir bəladır – harada baş verməsindən asılı olmayaraq, o, qadınları və uşaqları eyni qəddarlıqla cəzalandırır.
Müəllifin dili isə məni fərqli cəhətdən təsirləndirdi. O, heç nəyi bəzəməyib, heç nəyi gizlətməyib. “Təcavüz”, “işgəncə”, “ölüm” kimi sözlər elə çılpaq, elə ağır gəlir ki, bəzən oxucu kimi mən utanıram – bu hekayəni oxumağa belə utanıram. Amma eyni zamanda başa düşürəm ki, əgər sussaq, bu dəhşətlər təkrarlanacaq. Leyla susmur, çünki o, şahiddir.
Mənim fikrimcə, bu roman hər məktəbdə, hər ailədə oxunmalıdır. Xüsusilə bizim kimi müharibə yaşamış, itkilər vermiş xalqlar üçün o, bir xəbərdarlıq, bir dərs, bir yaddaş kitabıdır. Bəli, oxumaq çətindir, göz yaşı olmadan keçmək mümkün deyil. Amma bəzən bir cəmiyyətin sağalması üçün ən dəhşətli həqiqətləri görmək lazımdır.
Və ən əsası – mən bu kitabdan sonra bir daha əmin oldum ki, müharibədə heç kim qalib gəlmir. Hətta sağ qalanlar belə – onlar da darmadağın olur. Leyla fiziki olaraq sağ qalır, amma onun ruhu, onun uşaqlığı, onun gələcəyə olan inamı düşərgədə qalır. Bəlkə də, ən böyük döyüş müharibədən sonra başlayır – öz xatirələrinlə, öz kabuslarınla döyüş.
Bir sözlə, Leyla mənim üçün incəsənət əsəri yox, canlı şahid ifadəsidir.