Əgər bilinməsə sevgidə qədir
Düymələr insanın öz əlindədir
Ayrılıq məqamı internetdədir
Bircə işarəylə yar sağollaşır
Artıq vidalar da virtuallaşır
Uşaqlar realda ağlamır, gülmür
Yemək ona gedir, yeməyə gəlmir
Yıxılıb qalxaraq böyüyə bilmir,
Basır düymələri qaçır, sallaşır
Gözəl oyunlar da virtuallaşır
Yananda ürəkdə köz yaxınları
Mesajla yazır ki "döz"! Yaxınları
Ölənin şəklini öz yaxınları
Qoyur statusa, orda ağlaşır
Yası saxlamaq da virtuallaşır
Keçib ovsunlar da bax rəqəmsala
Onu bundan ayır, onunla cala
Gördüm internetdə baxırlar fala
Avam camaat da ora toplaşır
Hiylə də, fitnə də virtuallaşır.
Yoxsul dağ başında görür əziyyət
Zənginə yad olur həmin vəziyyət
Dərsə gedib-gəlmək olurdu zəhmət
İndi həmin yol da lap asanlaşır
Təhsil də zənginçün virtuallaşır