Yaşamışıq, yaşadıqca bilmişik,
Bu dünyaya getmək üçün gəlmişik.
"Ölüm sondur" deyənləri görmüşük,
Mənsə deyim ölüm nəyin sonudur.
Dünya fərqli gəlir hər gələn kəsə,
Kimi ruha baxır, kimi nəfəsə.
Həyat nəfəs almaq və vermək isə
Nəfəs almaq və verməyin sonudur.
Mal-mülkünə tez aldanan adama,
Eşqi ilə alovnan adama,
Bu dünyanı hər şey sanan adama,
Ölüm elə o "hər şey" - in sonudur.
Az ilə doymayan çox gedə bilmir.
Sanma həyat onu öyrədə bilmir.
Kim ki istəyini ram edə bilmir,
Bilsin ölüm hər istəyin sonudur.
Qazanc sevincdirsə, itki gözdə nəm,
Yəni maddiyatı edibsən sənəm¹.
Tək gerçəyin dünyadırsa, üzgünəm,
Çünki ölüm o gerçəyin sonudur.
Düşünmək hünərdir və yasaq deyil.
Şüur doğru yoldur, bil nahaq deyil.
Gözün gördükləri təkcə haqq deyil
Ölüm gözlə görünməyin sonudur.