3 ildən çoxdur ki, kitablarım arasında olan, ancaq anlamadığım bir səbəblə həmişə əlimə aldığımda baxıb-baxıb yerinə qoyduğum o kitabı, nəhayət ki, oxudum.
Fərqli duyğular yaşatdı mənə kitab. Gah gülümsədim, gah boğazım düyünləndi, gah da göz yaşlarım kitabın səhifələri üzərində izlər qoydu... Əslində, indi də o qədər qarışıq duyğular içərisindəyəm ki, kitab haqqında nə yazacağımı, sözləri necə istifadə edəcəyimi bilmirəm, amma buna cəhd edəcəyəm...
Kitab oğrusu... Kimdir kitab oğrusu? Ümumiyyətlə, oğurluq nədir? Xalid Hüseyni yazmışdı ki, ən böyük günahdır oğurluq. Yaxşı, bəs kitab oğurlamaq necə? Kitabsız qala bilməyən və kitabı da başqa bir yerdən əldə edə bilməyən birinin kitab oğurlaması da günahdırmı? Bəlkə də günahdır, hə. Amma bəzən elə günahlar, qaydalar var ki, ana, duyğuya görə onları görməzdən gəlmək lazımdır.
Haradasa "Oxuyan oğurlamaz, oğurlayan oxumaz" deyə bir cümlə oxumuşdum. Ancaq əsas qəhrəmanımız, kitab oğrusu Lizelin timsalında isə biz görürük ki, bəli, oxuyan oğurlayır və oğurlayıb oxuyur...
Keçək kitabın mövzusuna, hekayəsinə...
Bu hekayə - balaca alman qız olan Kitab oğrusu Lizelin, yəhudi olduğu üçün təqiblərə məruz qalan Maksın, sevgisi ilə insanın qəlbinə toxunan Ata - Hansın, üzdə sərt, dili acı olsa da, ipək kimi ürəyi olan Ana - Rozanın və dəcəl, amma saf qəlbli, cəsur Rudinin hekəyisidir... Elə bir hekayə ki, qəlbin ən incə tellərinə toxunan... Və bu hekayə müharibə, dostluq, sevgi, ailə bağlılığı, ağrı-acı və bir çox başqa məziyyətləri özündə birləşdirir.
Kitabı fərqli və daha mükəmməl edən isə onun təhkiyə üsuludur. Burada hadisələri “Ölüm” nəql edir. Kitabın ilk səhifələrində “Ölüm” özünü bizə təqdim edir və "Mənimlə gəlin, sizə bir şey göstərəcəyəm" - deyir. Təbii ki, ona qoşularaq kitab oğrusunun hekayəsinə daxil oluruq.
Və budur,