Səidə, “qadınlığa” ondan əvvəl qədəm qoymuş sinifidəki gözüaçıq, çoxbilmiş qızlarla da bu haqda çox danışmışdı. Tənəffüslərdə sinfin, ya da dəhlizin bir küncünə toplaşan qızlar gülüşə-gülüşə, qızara-qızara qadın vücudunun anatomiyası haqda bildiklərini bir-birləri ilə bölüşür, bu məlumat mübadiləsi nəticəsində bəkarət pərdəsi və onun toya qədər zədələnməməsinin vacibliyi, klitor, orqazm, hətta penis haqda biliklərə yiyələnirdilər. Əslində qızların “maariflənmə” prosesi ilə, oğlanların cinsi həyata dair öz aralarında etdiyi şit söhbətlər mahiyyətcə fərqlənmirdi. Yeganə fərq oydu ki, oğlanlar “beldən aşağı” mövzular haqda daha sərbəst danışır, nəzəri biliklərini məktəbə gətirib bir-birlərinə nümayiş etdirdikləri “əyani vəsaitlər” - porno şəkillərlə möhkəmlədirdilər. Qızlar isə oğlanlar qədər açıq-saçıq ola bilmədiklərinə görə onlara həsəd aparır, maskulin cəmiyyətin oyun qaydalarını əxz edirdilər.