Qəribədir ki, saqqız çeynəyə-çeynəyə, xayalarını qaşıya-qaşıya ağzına gələni danışan siyafur oğlanların yerli-yersiz təkliflərindən, atmacalarından zara gələn, daim diqqət mərkəzində olmaqdan bezən qızlar onlara fikir verməyən oğlan azlığının varlığı ilə heç cür barışa bilmir, belələrinin diqqətini cəlb etməkdən ötrü öz aralarında yarışır, nəticə əldə edilmədikdə isə depressiyaya düşürdülər. Bəzi inadkar qızlar isə “öldü var, döndü yoxdur” düsturuna sadiq qalaraq, diqqət çəkmək üçün qəribə hərəkətlərə yol verir – onları iqnor edən oğlanların ayaqlarını tapdalayır, üstlərinə aşır, yeməkxanada icazə almadan gəlib qarşılarında oturur, mənasız suallar verib danışdırmağa çalışırdılar.