"Vəhşi çöl pişiyi dərisindən tikilmiş paltonun içində, kölgədə qalmasına baxmayaraq, ağ mərmər kimi qadın boynunun bir hissəsi, bunun da üzərində azacıq sola çevrilmiş totuq bir qadın sifəti var idi. Dərin düşüncələrə dalmış qara gözləri aşağıya, yerə zillənmişdi. Elə bil nəyisə axtarıb tapa bilməyəcəyinə əmin idi. Lakin buna baxmayaraq, axtardığını ümidlə gözləməyə çalışırdı. Baxışları kədərli olsa da, bir qədər istehzalı idi. Sanki: “Bəli, axtardığımı tapa bilməyəcəyəm.. Nə etməli?” demək istəyirdi.
Bu istehzalı ifadəni, üst dodağına nisbətən azacıq dolğun görünən alt dodağında açıq-aydın görmək olurdu. Göz qapaqları azacıq şişkin idi. Qaşları bir az qısa, nə qalın, nə də nazik idi. Qara qıvrım saçları, geniş alnını çevrələyərək aşağıya doğru uzanır, vəhşi çöl pişiyinin tüklərinə qarışırdı. Çənəsi azacıq irəliyə doğru qabarmış, bir qədər sivri şəkilli idi. Bir az ətli burnu uzun, lakin nazik idi."