Ağ lələklər, Qara cinayətlər.
Jean Christophe Grange "Leyləklərin uçuşu "
Grange, romanda nəfis coğrafi bilgilərdən istifadə edib.
Coğrafiya qismətdir deyə bir ifadə var idi.
Adətən bunu çətinlik, kasıblıq çəkən ölkələrə aid etsələr də, məncə elə bu hər ölkəyə məxsusdur.
Çünki hər yaşamın özünə uyğun çətinlikləri var.
Grange, Oxucunu Bolqarıstanın qaraçı məhəllələrindən Afrikanın balta dəyməyən meşələrinə, oradan da Hindistanın mürəkkəb küçələrinə qədər uzanan nəfəs kəsici bir macəraya aparır. Fərqli qitələr, mədəniyyətlər və coğrafiyalar arasında keçən bu roman, macəranı daha da zənginləşdirir.
Əslində mədəniyyət, coğrafiya sadəcə örtükdür.
Bir növ maskalanma, gizləniş şəklidir.
İnsanın içindəki vəhşilik üçün sərhəd yoxdur. Qitələr dəyişir, dillər dəyişir, amma insan zəiflikləri eyni qalır.
Ağ Leyləklərin izi ilə, qara cinayətlərin tük ürpərdici detalları, qan dondurur.
Romanın ən sevdiyim xüsusiyyəti isə davamlı zehnimiz məşğul etməsi, tam hadisələrin gedişatına aşina oldum deyərkən, yeni bir sirr ilə baş-başa qalmağım oldu.
Artur Conan Doyle'un Sherlock Holmes'ini də bir növ xatırlatdı.
Xüsusilə finalı daha gözlənilməz oldu mənim üçün.
Hər zaman dediyim kimi, kitab və filmlər real olana güzgü tutur. Kitabdakı qəhrəmanların etdikləri seçimlər düşündürür.
Niyə insan bu nöqtəyə gəlib çatır...?!
Grange, insan psixologiyasının ən qaranlıq yönlərini yazılara töküb.
İnsanoğlunun qəddarlığı, əxlaqsızlığı, maddi varlıqlara düşkünlüyü, qısaca ən zəif nöqtələrini göstərir bizə...
Bizə isə sadəcə oxuyub, zövq almaq qalır.