Henri Kissingerin “Dünya Nizamı” (“World Order”) əsəri beynəlxalq münasibətlər nəzəriyyəsində realizm ənənəsinin ən tipik nümunələrindəndir. Müəllif dünya tarixini dörd əsas nizam sistemi üzərindən təhlil edir: Avropa-Vestfaliya, Çin, İslam və Qərb-Amerika sistemləri. Kissinger əsas ideyasını “nizam və sabitliyin dünya siyasətində ən ali məqsəd olması” fikrini, Qərb diplomatiyasının tarixi təcrübəsi ilə əsaslandırır. O, xüsusilə Orta Şərqdəki böhranların səbəbini dövlət institutlarının zəifliyində və dini-mədəni baxımdan “vahid dünya nizamına uyğunlaşma çətinliyi”ndə görür. Lakin bu yanaşma Qərb mərkəzli bir baxışın ifadəsi kimi tənqid olunur, çünki müəllif İslam dünyasını çox zaman yalnız “nizam problemi” kontekstində təqdim edir və onun siyasi, elmi, hüquqi ənənələrinin çoxqatlı mahiyyətinə dərindən nüfuz etmir.
Kissingerin İslam və müsəlman dünyasına münasibətində incə, lakin hiss olunan antipatiya müşahidə olunur. O, İslam sivilizasiyasını universal ideoloji sistem kimi təqdim edərək, Qərb beynəlxalq sisteminə alternativ və potensial təhdid kimi qavrayır. Bu yanaşma İslam tarixindəki intellektual və mədəni dinamikanı gözdən qaçırır və onu monolit “dini-siyasi blok” kimi təqdim edir. Halbuki, müsəlman cəmiyyətlərində nizam və ədalət anlayışı ilahi qanuna söykənən etik-siyasi prinsiplərlə, fərdin və ictimai məsuliyyətin tarazlığı ilə formalaşır. Bu baxımdan, Kissingerin “Dünya Nizamı” əsəri dərin siyasi təhlil təqdim etsə də, İslam sivilizasiyasına münasibətdə Qərb üstünlüyü kompleksindən qurtula bilmir və qlobal nizam anlayışını mədəni ədalət baxımından deyil, güc və hegemonya prizmasından izah edir.