Özümü dinləyərkən mən belə özüm haqqımda yanılarkən, hətta bəzən nə demək istədiyimi özüm belə başa düşə bilməzkən, kim bilir başqaları məni anlamaqdan nə qədər uzaqdır.
Duyğularımla təzəlikcə tanışmağa başladığım dövrlərdə, yəni hələ uşaq ikən, mütəmadi olaraq insanlardan uzaqlaşma ehtiyacı hiss edirdim. Bu ehtiyacı əsaslandıran bir səbəbim yox idi, sadəcə getmək vaxtı idi, vəssalam. Bir müddət keçdikdən sonra bu yüksək dozada qayğı və sevgi dolu davranışlarla əvəzlənirdi. Sanki qaçıb uzaqlaşmaq istəyən mən deyilmişəm kimi. Bu dəfə də dünyanın ən nəzakətli və həssas insanına çevrilirdim. Ən soyuq insandan ən istiqanlıya çevrilmək. Böyüdükcə anam deyərdi ki, “bir inanc var, əgər uşağın boynunu balaca vaxtı çoxlu öpsən, o böyüyüb küsəyən olur”. Anam belə ovundururdu özünü, mənim küsəyən olduğuma inanaraq. Sonra məni də inandırdı. Mən də artıq küsəyənəm deyə düşünməyə başladım. Tez-tez küsdüm, öz-özümə barışdım, ağladım, güldüm. Zamanla küsəyənliyi “burda küsməli nə var ki?” deyə-deyə aradan çıxarmağa çalışdım, mənasız yerə boynuma yük olmağa başlamışdı. Amma içimdə bir yerdə dəli kimi qışqıran “çıx get” səsini heç cürə susdura bilmirdim. İnsanlarla görüşməmək üçün bəhanələrim, uzaqlaşmaq üçün ciddi səbəblərim hər zaman tapılan olurdu. 17-18 yaşlarımda fikirləşirdim ki, eşq məni dəyişəcək, qalacam bir yerdə, artıq getmək hissi olmayacaq, sevəcəm deyə eyni yerdə - eyni duyğularla qalmaq istəyəcəm. Sonra sevgi ilə üz-üzə gələndə anladım, o da məni yerimdə saxlayacaq qədər güclü duyğu deyildi. Dəniz kənarında təkbaşıma oturub kitab oxumaq birisiylə oturmaqdan daha müqəddəs duyğular bəxş edirdi mənə. “Getmiş olma” hissi zövq verirdi. İçimdə paranoyanın, dəliliyin bütün ünsürlərini birləşdirib bağıraraq hər yeri - bütün otağımı dağıtmaq istəyirəm bəzən. Xəyalən biriləri ilə dalaşıram. Sakitləşirəm. Kimsə olmasın, baxmasın, toxunmasın. Amma o həmişə orda olur - o duyğu. Getmək istəyi. Mən bəlkə də getmək istəyib gedə bilmədiyim üçün beləyəm,
Anidən bir yazı düşdü önümə: əgər qərarsızlıq içindəyiksə, nəyi yaşadığımızı anlamırıqsa, seçimlər arasında qalıb boğuluruqsa, deməli həyatımızda nələrisə qurban verməyi istəmirik. Qısaca qorxağıq yəni. Həyatda kim hər şeyiylə birlikdə yeni mərhələyə addım ata bilibki? Kim yola başladığı halının eynisidir ki? Risk almağı istəməyən insanlar yerində qalıb pas atmış əşyalara bənzəmirmi? Bütün bunların cavabını bilirdim, amma bunu kiminsə sözləri ilə oxumaq qaranlıqdan işığa doğru atılırmışcasına bir hiss yaşatdı. Qorxaq olduğumu qəbul etmək də yol almaq üçün bir addımdır bəlkə də.
Genellikle ne yapacağını bilmez, kararsız bir durumdadır, ama sık sık yapabilecek yetenekte olmadığına inandığı işleri gerçekleştirmiştir, sık sık kendisini şaşırtır, kendi kendisiyle çelişir.