Onlar oturmuşdular, sönən günün şəfəqləri üstlərinə düşmüşdü, adətən bütün vurğunlar nədən danışırlarsa, Rufla Martin də ondan danışırdılar, məhəbbətin və onları qovuşduran taleyin böyük qüdrətinə heyran qalmışdılar, həm də möhkəm əmindilər ki, hələ dünyada heç kəs, heç bir zaman onlar kimi sevməmişdir.
Rufun məhəbbət haqdakı təsəvvürləri aırf mücərrəd mahiyyətdə idi, “məhəbbət” sözünün özü isə ona ulduzların munis sayrışmasını, dənizin narın ləpələri, mülayim bir yay gecəsi səhərə qovuşarkən düşən sərin şehi xatırladırdı. Onun təsəvvüründə məhəbbət-mehribanlıq, sədaqət deməkdi, çiçəklərin ətriylə dolmuş və şəfqətli bir asayişdən aşıb-daşan toranlıq və sükut içərisində sevgilinin qulluğunda durmaq deməkdi. Ruf məhəbbətin vulkna kimi püskürən fırtınalarından, insan qəlbini yandırıb külə çevirən dəhşətli atəşindən bixəbərdi.