Naxçıvan torpağı yenə də bizimdir. Necə ki bizim olub və bizim də qalacaq! Lakin bu qiymətli incimizi qorumaq uğrunda onun dəyərinə bərabər itkilərimiz də var. Onlar şəhidlərimiz, bir də...-susdu, gözü ona dikilmiş əsgərlərə baxdı, sonra yenə davam etdi:- Bir də... bu şanlı bayrağımız...Mövcud şərait ucbatından o da bu gün şəhid oldu... VƏTƏNSİZ BAYRAQDANSA, BAYRAQSIZ VƏTƏNƏ ÜSTÜNLÜK VERİRƏM.
Ən təsirli mənzərə isə vaxtilə Heyran xanımın göz yaşlarında islanmış yaylığı idi ki, indi Həsən ağanın qanına bulaşmışdı. Əlinin içinə sığınan isə bir ovuc həsrət idi. BİR OVUC HƏSRƏT...
Qürbət elin qışı sərt, şaxta-sazaqlı, yayı qızmar keçər. Bağ-bağçadakı gül-çiçəklərin də, budaqları bəzəyən yarpaqların da, yerə xalı təki döşənmiş məxməri otların da rəngi göz oxşamaz, ürək açmaz. Səmasının ulduzları da əlçatmaz, küskün, sönük olar.