Mən başımın üstündəki hamar damı, səhranı və dənizi sevirəm. Mən bu şəhəri, köhnə qalanı, dar dalankardakı məscidləri sevirəm və balıq susuz boğulduğu kimi, mən də Şərq xaricində boğuluram.
Mən bu köhnə təbiətə it öz komasına bağlı olan kimi bağlı idim… Mən Bakıya mənsubam. Köhnə qalaya, kölgəsində Ninonun gülər gözləri parlayan köhnə qalaya mənsubam.
Müharibəyə saysız-hesabsız ölkə cəlb edilmişdi, cəbhə Əfqanıstandan Şimal dənizinə kimi uzanırdı və müttəfiq kralların, dövlətlərin və sərkərdələrin adları cəbhədə can vermiş qəhrəmanların cəsədini bürümüş zəhərli milçəklər kimi qəzet səhifələrini doldururdu.
Onların müharibələrinin, şəhərlərinin, çarlarının, qayğılarının, sevinclərinin, təmizliyinin və çirkliyinin mənimlə nə əlaqəsi var axı? Biz ayrı cür təmiz və ayrı cür çirkliyik, ayrı cür vəznimiz və ayrı cür sifətimiz vardır. Qatar qərbə tərəf gedə bilər, amma bütün qəlbimlə, bütün ruhumla mən Şərqə mənsubam.
Vətənimizdə orta təbəqədən olan adamın söhbət etməyə üç mövzusu vardı: din, siyasət ticarət. Müharibə bütün bu sahələri əhatə edirdi. Müharibədən nə qədər istəsən, nə vaxt istəsən yolda, evdə və çayxanada- hər yerdə danışa bilərsən.