Dar qapıdan girin. Çünki həlaka aparan qapı geniş və yolu enlidir. Bu qapıdan girənlər çoxdur. Amma həyata aparan qapı dar və yolu ensizdir, onu tapanlar azdır.
Diləyin, sizə veriləcək, axtarın, tapacaqsınız, qapını döyün və sizə açılacaq. Çünki hər diləyən alar, axtaran tapar, qapı döyənə açılar. Aranızdan kimsə oğlu ondan çörək diləsə, ona daş verərmi? Ya da balıq diləsə, ona ilan verərmi Beləliklə, siz pis olduğunuz halda öz övladlarınıza yaxşı hədiyyələr verməyi bilirsinizsə, göylərdə olan Atanızın Ondan diləyənlərə gözəl hədiyyələr verəcəyi nə qədər yəqindir!
İnsanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla elə rəftar edin. Çünki Qanun və Peyğəmbərlərin söylədiyi də elə budur.
Mühakimə etməyin ki, siz də mühakimə olunmayasınız. Çünki hansı hökmlə mühakimə etsəniz, onunla da mühakimə olunacaqsınız. Siz hansı ölçü ilə ölçsəniz, sizin üçün də eyni ölçü ilə ölçüləcək. Sən nə üçün qardaşının gözündə çöpü görürsən, amma öz gözündəki tiri seçmirsən? Öz gözündə tir ola-ola qardaşına necə deyə bilərsən: "Qoy gözündəki çöpü çıxarım!" "Ey ikiüzlü, əvvəlcə öz gözündən tiri çıxar, onda aydın görərsən ki, qardaşının gözündəki çöpü necə çıxarmaq olar.
"Müqəddəs olanı itlərə verməyin və mirvarilərinizi donuzlara atmayın; yoxsa bunları ayaqları ilə tapdalayarlar və dönüb sizi parçalayarlar.
Buna görə sizə deyirəm: “Nə yeyəcəyik?” və ya “Nə içəcəyik?" deyə canınız üçün, “Nə geyinəcəyik?" deyə bədəniniz üçün qayğı çəkməyin. Can yeməkdən, bədən isə geyinməkdən daha vacib deyilmi? Göydə uçan quşlara baxın: onlar nə əkir, nə biçir, nə də anbarlarda saxlayır. Amma Səmavi Atanız onları yedizdirir. Siz onlardan daha qiymətli deyilsinizmi? Hansı biriniz qayğı çəkməklə ömrünü bir anlıq belə, uzada bilər? Nəyə görə geyim üçün qayğı çəkirsiniz? Görün çöl zanbaqları necə böyüyür: onlar nə zəhmət çəkir, nə də ip əyirir. Lakin sizə bunu deyirəm ki, bütün cah-calalı içində olan Süleyman belə, bunlardan biri kimi geyinməmişdi. "Ey imanı az olanlar, bu gün olub sabah ocağa atılan çöl otunu Allah belə geyindirirsə, sizi geyindirəcəyi daha da yəqin deyilmi? Beləliklə, "Nə yeyəcəyik?", "Nə içəcəyik?” və ya “Nə geyəcəyik?" deyə qayğı çəkməyin. Çünki bütpərəstlər bütün bu şeyləri axtarırlar. Doğrudan da, Səmavi Atanız bütün bunlara ehtiyacınız olduğunu bilir. Ona görə də siz əvvəlcə Allahın Padşahlığını və Onun salehliyini axtarın. Onda bunların hamısı sizə əlavə olaraq veriləcək. Beləliklə, sabahın qayğısını çəkməyin. Çünki sabahkı gün özü üçün qayğı çəkəcək. Hər günün öz yamanlığı kifayətdir!
Yer üzündə özünüzə xəzinələr yığmayın. Orada güvə və pas onları məhv edər ya da oğrular girib oğurlayar. Bunun yerinə özünüzə göydə xəzinələr yığın. Orada nə güvə, nə pas onları məhv edər, nə də oğrular girib oğurlayar. Çünki xəzinən haradadırsa, ürəyin də orada olacaq.
Bədənin çırağı gözdür. Əgər gözün sağlam olarsa, bütün bədənin də nurlu olacaq. Yox, əgər gözün zəif görərsə, bütün bədənin qaranlıq olacaq. Əgər səndəki "nur" qaranlıqdırsa, zülmət nə qədər böyükdür!
Heç kim iki ağaya qulluq edə bilməz. Çünki ya birinə nifrət edib o birisini sevəcək ya da birinə bağlı qalıb o birisinə xor baxacaq. Siz həm Allaha, həm də sərvətə qulluq edə bilməzsiniz