Təvəkkül yaradılış aləmində təsir qoyan ecazkar qüvvədir. Qəlbini Yaradana, həmişə var olan, sonsuz güc-qüdrət, elm mənbəyi olan Varlığa yönəltməklə sonsuz enerji qaynağına köklənmək və qarşıya çıxan maneələri asanlıqla dağıtmaq, tərəqqi üçün zəruri olan şərtləri maqnit kimi cəzb etmək mümkündür. Zəhmət və əzmkarlıq güclü inamla birləşdikdə həyatda "möcüzə yaratmaq" mümkündür.
Təvəkkül - insanın Yaradanı yeganə sonsuz güc mənbəyi kimi qəbul edərək bütün işlərində qəlbən Ona bağlanması, fəaliyyət göstərərək nəticəni Ona həvalə etməsidir.
Həyatın mənasının ən qısa ifadəsi bu cür ola bilər: aləm hərəkətdə və təkamüldədir. Əsas məsələ bu hərəkətə töhfə vermək, ona tabe olmaq və onunla əməkdaşlıq etməkdir.
Lev Nikolayeviç Tolstoy
Unuduruq ki, dərman acı, əməliyyat ağrılıdır, ancaq faydaları danılmazdır. Üzləşdiyimiz müsibətlər də acı dərman kimi islahımıza və təkamülümüzə xidmət edir. Baş verənlərə qurbağa kimi primitiv baxmağı tərgitməsək, həyata qarşı üsyan ömrümüzü zəhərləyəcək.
İrvin Yalomun qızıla bərabər bir tövsiyəsi var: "Yaşamağı təxirə salmaq olmaz". Bəzən xəstəlik, yaxud da başqa bir ciddi problem bizə yaşamağı unutdurur. Bütün həyatının həmin o sıxıntıdan ibarət olduğunu zənn edərək sanki öz-özünə deyirsən: "Bu problem həll olsun, vəziyyət düzəlsin, ondan sonra yaşayarıq". Ancaq problemlər heç zaman bitmir və bu gedişlə yaşamaq da ölüm yetişənə qədər təxirə salınır.
Yaşamağa davam etmək üçün qarşılaşdığın xəstəliyin, problemin həyatının bir hissəsi olduğunu qəbul etməlisən.