Dəli kimi sevdim gözəl dəlini,
Gül verdim, yandırıb-yaxdı əlini,
Seçib cümlələrin ən gözəlini
Titrəyib söylədim sözümü sənə
Sevdirə bilmədim özümü sənə..
Həsrəti, vüsalı qoşa sevdirdim,
Üşüyən əynimi qışa sevdirdim
Yalın ayağımı dașa sevdirdim,
Tanıda bilmədim izimi sənə
Sevdirə bilmədim özümü sənə...
Alışıb yanardım göz istəsəydin,
Bir nəğmə olardım söz istəsəydin.
Məni görmək üçün göz istəsəydin
Kor qalıb, verərdim gözümü sənə;
Sevdirə bilmədim özümü sənə.
Sənə hər məktubu yazdım qanımla,
Ruhumla, hissimlə, həyəcanımla,
Sevinclə ölərdim, Əgər bununla
Bağışlasaydım mən ömrümü sənə;
Sevdirə bilmədim özümü sənə...
✍🏻Nüsrət Kəsəmənli