-Görəsən, orda uzaqlarda xoşbəxt olacam?
-Uzaqlarda həmişə hamı xoşbəxt görünür. Sonra sən gedib o "uzaqlara" çatırsan və görürsən ki, sən demə, qeyri-adi heç nə yox imiş.
- İndi nə deyirsən? Yalnız əlimizin çatmadığı yerlər gözəl olur?
- Xəyalı gözəl olur, hə. Sonra adiləşir. Məsələn, ulduzlara əlimiz çatmır, ona görə onlar gözəldi. Heç ulduzun gözəl və maraqlı olmadığını düşünən adam görmüsən?
- Yox...
- Çünki əlçatmazdırlar...
Son ümid də sovrulub yox olandan sonra sanki səhraya düşür insan. Yeni ümidlər axtarır özü də istəmədən. Sonda yenə o ümidlərin necə məhv olduğunu seyr etmək üçün.... Çarəsizlik içində ümid axtarmaq necə də miskin bir haldır. Zamanın bir qırağına çıxıb kənardan gələcəyə boylanmaq istəyirdim. Var idimi başqa yol? O yolun qırağında yaşıl işıq yanırdımı mənə? Əgər elə idisə, yatıb bir də o zamanda ayılmaq istəyirdim.
"O cür" sözünün arxasında nə gizlənirdi? Necə baxmaq? Baxışlarda nə axtarırdıq: suallarımızın cavabını? Baxışla müəyyən etmək olsaydı, o zaman sözlərə nə ehtiyac qalardı? Bəlkə, doğrudan da, gözlərimiz hislərimizin aynası idi... Bəlkə, qarşımızdakı insanlar biz heç nə demədən də hər şeyi çox gözəl anlayırdılar... Gizlətməyə çalışsaq da, gözlər daxiki aləmimizi bütün çılpaqlığı ilə ortaya qoyurdu...
Bəlkə də, sadəcə çarəsiz qaldığımız, inanmaq istəmədiyimiz üçün təsəllini baxışlarda tapırdıq. "Sevmədiyi birinə o cür baxa bilməz"-deyirdik....