Dünyanın lüzumsuz gerçəklikləri içərisində özünə də bəlli olmayan səmərəsiz vurnuxmalardan yorulmuşdu. Qarışqa yuvası kimi durmadan qaynaşan insan kütləsinin arasında təklikdən, tənhalıqdan üşənməsi ona qəribə gəlirdi. İçini qurd kimi gəmirən boşluğun, mənasızlığın sonsuza qədər davam edəcəyi qorxusu vücuduna yayıldıqca ruhunun sızıldadığını hiss edirdi.
Son zamanlar onu çevrələyən mühitə qarşı elə biganələşmişdi ki, sanki insansız bir adada yaşayırmış kimi özünü tək-tənha hiss edirdi. Ətrafındakıların nə dediklərini, nə danışdıqlarını, nə istədiklərini heç cür anlaya bilmirdi.