- Bax Kamo, bir fayton müştəriləri götürüb gedir, o biri fayton gəlir. Hər şey növbə xarakteri daşıyır. Fayton gözləmir, o daima hərəkətdədir. Biri gedir, o biri gəlir. Fayton sanki Allahdır, aparır insanları özü ilə. Bizim faytonumuz hələ gəlməyib.
- Əgər fayton Allahdırsa, onda bəs şeytan kimdir? - Kamo soruşur.
- Şeytan yoxdur, əzizim. Onu insanlar və kilsələr uydurub, - Stalin cavab verdi.
Həyat adi bir işə bənzəyir. İnsan işə düzəlir, sonra başqa işə gedir. İşdən ya qovulur, ya özü çıxır, ya da təqaüdə göndərilir, fərqi yox. Əsası odur ki, yeni işə insan çətin alışır. O da baxır insanın fərasətinə. Adamın ruhu da özünü həmin qaydada göstərir, bir bədəndən çıxıb, o biri bədənə daxil olur. Ona görə də həyatı ciddi qəbul etmək düzgün deyil.
Mənim dünyaya gəlişim yer kürəsi üçün bir rol oynamır, dünyadan köçəndə də, yer kürəsi heç nə itirməyəcək. Belə olan halda bir insan mənə izah etsin: İNSAN NƏYƏ GÖRƏ DÜNYAYA GƏLİR?! Əgər onun gəlməyi ve getməyi heç nədirsə, onda onun missiyası nədir?
Həyatdan fiziki ölümə keçid cəmi bir neçə saniyəyə baş tutur. Əgər keçid belə qısadırsa, əgər insan istənilən dəqiqə və an ölə bilərsə, onda o dünya ilə bu dünyanın fərqi yoxdur. Sən addımlayırsan, sol ayağını atırsan qabağa, sonra sağ ayağını, sonra yenə sol, sonra sağ. Yəni dediyim odur ki, addımların arasında fərq yoxdur, çünki onlar oxşardır. Həmçinin həyatla ölüm çox oxşardır. Fərq azdır.