Bütün ümidlər üzüləndə, bütün qapılar bağlananda bir qapının daim açıq olduğunu hiss edirik. O qapı haradadır, bilmirik. Ancaq anlayırıq ki, nə qədər ki sağıq, heç vaxt bütün qapılar üzümüzə tam bağlanmır. Həmişə açıq olan bir qapı vardır.Biz - bağlı qapıları açmaq üçün inadlaşmağa adət etmiş insanlar, yalnız son anda diqqətimizi o açıq qapıya yönəldirik.
Yalnız ölüm faktı bizi həyatın mənası barədə dərindən düşünməyə vadar edir. Həyat ölümün fonunda məna qazanır, dəyərə minir. Hər şeyin əvvəli sonu ilə əlaqəlidir. Əgər son olmasaydı, əvvəlin də mənası qalmazdı. Həyat bitməz olsaydı, ona diqqət etməzdik, mənasız gələrdi bizə.