"Dünyada insanlar xaos içində bir-birinin etdiklərini təkrarlayır, sonra isə xoşbəxt olmadıqlarına təəccüblənirlər."
Bu, müasir cəmiyyətin acı həqiqətidir. İnsanlar doğulduqları andan etibarən müəyyən bir sistemin içinə atılırlar. Onlara məktəbə getmək, diplom almaq, iş tapmaq, evlənmək, ailə qurmaq kimi addımlar "həyatın məcburi mərhələləri" kimi təqdim olunur. Heç kəs "Bu mənim istəyimdir, yoxsa sadəcə hamı belə edir deyəmi edirəm?" sualını soruşmur.
Günün sonunda insanlar bu sxemi izlədikdən sonra içlərindəki boşluqla qarşılaşırlar. Halbuki bu yol onların deyil, cəmiyyətin onlara yazdığı ssenaridir. Onlar fərqliliyə cəhd etməkdən qorxur, çünki fərqli olmaq cəmiyyətin gözündə riskli və təhlükəlidir. Lakin eyni yolu yüz minlərlə insanla birlikdə addımlamaq da insanı orijinal və azad bir varlıqdan çıxarıb mexaniki bir varlığa çevirir.
İnsanlar bir-birinin həyat tərzini, davranışlarını, məqsədlərini təkrar edir. Sosial mediada gördüyü uğurlu həyatı kopyalayır, modaya uyğun geyinir, trendləri izləyir, başqaları nə edirsə onu edir. Amma bu yol heç də şəxsi xoşbəxtliyə aparmır.
Əsl xoşbəxtlik, insanın özünü tanımasında və öz yolunu tapmasındadır. Başqasının deyil, öz ruhuna uyğun həyat tərzi qurmaqda. Bunun üçün düşünmək, araşdırmaq, tənqid etmək və bəzən də cəmiyyətin axarına qarşı üzmək lazımdır.